“Aqro-Vest DC” MMC-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

19.01.2023

“Aqro-Vest DC” MMC-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər


Yanvarın 19-da “Aqro-Vest DC” MMC-də 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözüylə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu bildirib ki, bu olay Azərbaycan xalqının tarixində dərin, faciəvi iz buraxmaqla yanaşı, həm də millətimizin Sovet imperiyasının qanlı caynağından qurtulmaq uğrunda mübarizəsinin gerçək addımlarından biri idi.

O qeyd edib ki, hadisələrin qırğınla sonuclanmasında birbaşa günahkar Sovet imperiyası olub. 1988-ci ildə 200 min Azərbaycan türkü öz əzəli yurdlarından – indiki Ermənistan ərazisindən qovulandan sonra Azərbaycanda siyasi durum daha da gərginləşdi. Üstəlik, Qarabağda yaşayan ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxmaq istəyirdilər. Mərkəz – Moskva isə buna susur, ermənilərin özbaşınalığına göz yumurdu.

Ona görə də Azərbaycan xalqının Sovet imperiyasının yarıtmaz siyasətinə qarşı dirənişi gücləndi və bu da 1990-cı il 20 Yanvar faciəsi ilə sonuclandı. 70 illik tarixində ilk dəfə idi ki, “sülhsevər” Sovet ordusu öz vətəndaşlarına qarşı belə bir qanlı faciə törədirdi.

Toplantıda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən faciə nəticəsində 146 nəfər mülki şəxs şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər həbs edilib.  

Bu hadisədən bir gün sonra o vaxt Moskvada yaşayan, keçmiş ittifaq rəhbərliyindən uzaqlaşdırılmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gələrək baş vermiş qırğını qınamış, bu işdə birbaşa əli olan Sovet rəhbərliyinin cavab verməsini tələb etmişdi.

Tədbirdə çıxış edən şirkətin İnsan resursları departamentinin direktoru Oğuz Heydərli, Ət və ət məhsulları departamentinin direktor müavini Elvin Aslanov və Marketinq şöbəsinin  müdiri Tural Məmmədov qeyd ediblər ki, 20 Yanvar xalqımızın tarixində qanlı faciə olmaqla yanaşı, həm də şərə qarşı mübarizəmizdə əbədi qürur yerimizdir. Bu olay tarixən başımıza gətirilən faciələrimizin ümumiləşmiş obrazıdır. 20 Yanvarı xatırlamaqla tarix boyu yaşadığımız facələrimizdən dərs almış oluruq.

Vurğulanıb ki, 20 Yanvar hadisəsi Azərbaycanın müstəqilliyinə qovuşmasının özülünü qoydu, Sovet imperiyasınının isə dağılmasını tezləşdirdi. Çox sonralar Sovet imperiyasının sonuncu rəhbəri olmuş Mixail Qorbaçov 20 Yanvar qırğınının baş verməsində böyük suçunu boynuna aldı.

Anım tədbirindən sonra “Aqro-Vest DC” MMC-nin əməkdaşları Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərinin məzarlarına qərənfillər düzüb, “Əbədi məşəl” kompleksinə əklil qoyublar.

Xəbərlər

1 / 322
AZ EN RU