Şirkətimizdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

08.03.2023

Şirkətimizdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bu gün “Aqro-Vest DC” MMC-də 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu açaraq bu günün tarixindən, onun dünyada qadın həmrəyliyi və hüquqlarının qorunması bayramına çevrilməyindən söz açıb.

Bildirilib ki, bu bayramın kökü XIX yüzilə gedib çıxsa da, dünyada geniş şəkildə ötən əsrin 70-ci illərindən keçirilməyə başlanıb. 1977-ci ildən isə BMT-nin qərarıyla bütün dünyada 8 Mart Qadın Hüquqları və Beynəlxalq Sülh Günü kimi qeyd edilir.

Azərbaycanda qadınlara ilk dəfə geniş şəkildə azadlıq verilməsi və onların seçmək hüququnun tanınması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında olub. Həmin vaxt indi dünyanın irəlidə gedən dövlətləri qadın vətəndaşlarına bu hüququ tanımırdılar.

S.Qaliboğlu vurğulayıb ki, Azərbaycan qadını həmişə fədakarlığın, ləyaqətin, analığın ən ali səviyyədə təcəssümü olub. Onun ailəyə, övlada bağlılığı dünyaya örnək olası hadisədir.

Azərbaycan xanımları bütün statuslarda – bacı, ana, həyat yoldaşı, xala, bibi kimi bənzərsiz insani özəlliklərə malikdir.

Şirkətimizin İnsan resursları departamentinin direktoru Oğuz Heydərli ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan xanımlarına daha geniş hüquqlar tanındığını söyləyib. Bildirib ki, onlar gender bərabərliyi prinsipinə uyğun olaraq istər özəl, istərsə də dövlət müəssisələrində yüksək vəzifələr tuturlar.

İnformasiya texnologiyaları şöbəsinin müdiri Elvin Şirazov Azərbaycan qadınlarının mədəni həyatımızın bütün sahələrində qürur və ləyaqətlə çalışdıqlarını nəzərə çatdırıb.

Tədbirin sonunda qiraət ustası Xəzər Süleymanlının ifasında görkəmli Azərbaycan şairi Tofiq Bayramın “Qadın ürəyi” şeri səsləndirilib.

Daha sonra “Aqro-Vest DC” MMC rəhbərliyi adından şirkətimizdə çalışan xanımların hər birinə hədiyyələr təqdim olunub.

Xəbərlər

1 / 373
AZ EN RU