AQRO-VEST DC MMC-də “Zəfər Günü” qeyd edilib

05.11.2021

        Ötən il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması ilə düşməni kaputulyasiya aktına imza atmağa məcbur etdi, təxminən otuzillik işğala son qoyuldu və ərazi bütövlüyümüz bərpa olundu.

     Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən bu il 8 noyabrda möhtəşəm qələbəmizin bir yaşını, ilk “Zəfər günü”nü  qeyd edəcəyik!   

Bu möhtəşəm günə bir-neçə gün qalmasına baxmayaraq, hər kəs həyəcanla bu günü gözləyir, sevinclərini bölüşür, bu yolda can qoyanları dərin ehtiramla anır, veteranlara, qazilərə öz minnət və hörmətlərini bir daha bildirirlər.  AQRO-VEST DC MMC-nin  kollektivi də “Zəfər günü” ilə bağlı keçirilən tədbirdə bu hissləri bölüşüblər.

           Şirkətin Marketinq və PR şöbəsinin müdürü Tural Məmmədov tədbiri giriş nitqi ilə açaraq, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib, o daha sonra bildirib: “ Biz çox xoşbəxt nəsilik. Ona görə ki, bu gözəl hisləri yaşamaq bizə nəsib oldu. Bu müharibədə böyük qələbəmizin əsasında duran ən başlıca amil xalq-lider-ordu birliyinin sarsılmaz vəhdəti olmuşdur. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Azərbaycanın bütün vətəndaşları, etnik, sosial, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq bütövlük nümayiş etdirdi, öz iradələrini ortaya qoydu. Bu müharibə hamımızın sınağı idi. Şükürlər olsun ki,  biz bu sınaqdan üzü ağ, şərəflə çıxıdıq. Aqrovest ailəsi olaraq, fəxr edirik ki, bizim də bu qələbədə payımız var. Bir hissəmiz arxa cəbhədə əzmlə çalışdı, şirkət olaraq ordumuza dəstəyimizi əsirgəmədik, bir qrup əməkdaşımız isə ön cəbhədə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdi. ”

           Daha sonra müharibədə iştirak etmiş əməkdaşların bir qrupu kollektivlə xatirlərini və hisslərini bölüşüblər. Quluzadə Cavidan, Məmmədov Murad, Xankişiyev Ramin, Cəmilov Bəhruz, Gözəlov Samir çıxışlarında öz döyüş yollarından bəhs edərək, hisslərini bölüşüblər. Quluzadə Cavidan:” Nə qədər acılı xatirlərimiz də olsa, şərəfli günlər idi. Vətən torpaqlarını qarış-qarış, kənd-kənd, şəhər-şəhər azad etmək, bu sevinci yaşamaq və yaşatmaq, bu torpaqlara ilk dəfə qədəm qoymaq çox qürurverici idi. Biz bir an olsun, öz doğmalarımızdan narahatçılıq keçirmir, daim xalqımızın dəstəyini hiss edirdik. Əmin idik ki, Dövlətimiz, Prezidentimiz və Xalqımız onların yanındadır. Artıq bir ildir ki, müharibə bitib, mən və döyüş yoldaşlarım görürük ki, yanılmamışıq. Şəhidlərimizin, müharibə iştirakçılarının ailələrinə, doğmalarına olan qayğını bu gün hamımız görürük, hiss edirik. Bu xüsusda Mehriban xanım Əliyevanın adını xüsusilə qeyd etmək istərdim. Mehriban xanım həmişə qayğıya ehtiyacı olanlara xüsusi diqqət ayırmışdır. Bu gün də şəhid övladlarını, ailələrini, qaziləri xüsusi diqqətdə saxlayır. Fürsətdən istifadə edib, döyüş yoldaşlarım adından Mehriaban xanıma dərin təşəkkürümü bildirirəm. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı Cənab İlham Əliyevin, Mehriban xanımın yanında olduğu kimi, onlar da xalqımızladır, onun bütün sevinc və kədərini bölüşürlər. Bizim uğurlarımızın əsasında da bu dayanır.”

          Sonda bütün komanda,  “Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”  deyərək, tədbiri başa çatdırıblar!