“Aqro-Vest DC” MMC-də Zəfər Günü qeyd edilir

07.11.2022

“Aqro-Vest DC” MMC-də Zəfər Günü qeyd edilir

Bu gün “Aqro-Vest DC” MMC-də Vətən müharibəsindəki qələbəmizin ikinci ildönümü, 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplantını giriş sözüylə şirkətin İnsan resursları departamentinin direktoru Oğuz Heydərli açaraq, 2020-ci ildə xalqımızın uzun illərdən bəri düşmən tapdağında olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığını və bu savaşı böyük qələbəylə başa çatdırdığını bildirib. Qeyd olunub ki, işğal altındakı torpaqlarımız Ali Baş Komandan, dövlətimizin başçısı, cənab İlham Əliyevin, eləcə də ordumuzun böyük əzmkarlığı, şəhid və qazilərimizin fədakarlığı sayəsində 44 gün ərzində azad edilib.

“Agro-West” şirkətinin hüquqşünası Rafiq Abbasov bu qələbənin hər bir azərbaycanlı üçün fəxr, qürur yeri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu zəfər düşmən qarşısında başımızı uca edib, dövlətimizin qüdrətini dünyaya tanıdıb. Vətən torpaqları uğrunda canından keçən 3000-ə yaxın şəhid dövlətimizin və xalqımızın azad və alnıaçıq yaşaması üçün qəhrəmanlıq dastanı yazıblar.

Şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu 1980-ci illərin sonundan bəri xalqımızın başına gələn, gətirilən qanlı faciələrin son iki yüz ildə dövlətçilik ənənəmizin itirilməsilə bağlı olduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, tarixi torpaqlarımızın bir hissəsində qurduğumuz müstəqil Azərbaycan Respublikası bu gün öz şəhid və qazilərinin, fədakar insanların canı-qanı bahasına ayaqda durmaqda, dünyada şərəflə özünü təsdiq etməkdədir.

Daha sonra tədbirə qatılan şirkət əməkdaşlarına söz verilib.

44 günlük Vətən müharibəsindəki qələbəmizin xalqımızın qürur yerinə çevirildiyini diqqətə çatdıran Samir Məmmədov, bu zəfərin dövlətçiliyimizin çoxəsrlik tarixinə qızıl hərflərlə yazıldığını söyləyib.

Aygün Əliyeva qələbəni bizə qazandıran şəhid və qazilərimizin ailə üzvlərini, doğmalarını diqqətdə saxlamağı hər birimizin mənəvi borcu olduğunu qeyd edib.

Emil İsmixanov Vətən müharibəsində qələbənin qazanılmasında xalqımızın birliyinin xüsusi rol oynadığını, kiçikdən böyüyə hər kəsin cəbhədə vuruşan əsgərlərimizə mənəvi-maddi dəstək olduğunu ifadə edib.

İlkanə Məmmədova Vətən torpaqlarının işğaldan azad edilməsini xalqımızın yüz illər boyu qazandığı ən böyük qələbələrdən biri olduğunu xatırladıb.

Tədbir iştirakçıları qələbəni bizə qazandıran şəhid və qazilərimizə, müharibə iştirakşılarına hər zaman minnətdar olduqlarını dilə gətiriblər.

Bildirilib ki, Qarabağ savaşının qalibi olan Azərbaycan əsgəri Vətən torpaqlarının hər qarışı uğrunda savaşmağa, canından keçməyə həmişə hazırdır. 

Новости

1 / 322
AZ EN RU