Bu gün Azərbaycan dövlətçiliyi, eləcə də xalqımızın tarixində faciəli günlərdən biridir.
1920-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra Rusiya İmperiyası tərəfindən işğal edildi.
70 il davam edən bu işğal xalq olaraq bizə dəhşətli faciələr yaşatdı: Zəngəzur ermənilərə verildi, onlar üçün Qarabağda muxtariyyət yaradıldı, dilimiz, mədəniyyətimiz, dəyərlərimiz yasaqlandı, sərvətlərimiz talandı, dünyada özümüzü müstəqil olaraq ifadə etmək imkanımız əlimizdən alındı…
Aprelin 27-si Azərbaycan Xalq Cümhuriyyətinin son günü olmuş, parlament fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı.
M.Ə.Rəsulzadə parlamentin sonuncu iclasında çıxış etdi. O, bu çıxışla təslim olmayacağını dedi: “Əfəndilər, təcavüzkar bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik?”
Azərbaycanda Sovet hakimiyyətinin elan olunmasının sabahı – aprelin 29-da Sovet rus imreriyasının qurucusu Lenin şüşə-çini istehsalı fəhlələrinin ümumrusiya qurultayında bildirirdi: “Dünən Bakıdan aldığımız bir xəbər göstərir ki, Sovet Rusiyasının vəziyyəti yaxşılaşmaqdadır. İndi bizim bütün sənayemizi canlandıra biləcək bir iqtisadi bazamız vardır”.
1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. 32 ildir müstəqil yaşayan Azərbaycan indi bölgədə və dünyada söz sahibidir.