“Aqro-Vest DC” MMC-də Zəfər Günü tədbiri keçirilib

Noyabrın 8-də “Aqro-Vest DC” MMC-nin iclas zalında Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirin başlanğıcında şirkət əməkdaşları Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplantını giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq İkinci Qarabağ savaşının – Vətən müharibəsinin xalqımızın şərəf tarixi olduğunu diqqətə çatdırıb.

O bildirib ki, 30 ildən bəri torpaqlarımızın Ermənistanın işğalı altında qalması, beynəlxalq vasitəçilərin bu münaqişədən öz məqsədləri üçün istifadə etməsi, üstəlik, qəsbkarın tərəfini tutması Azərbaycanın səbrini daşırdı. 44 gün çəkən Vətən müharibəsində  Azərbaycan ordusu bir metr də geri çəkilmədi, yalnız irəli getdi və qələbəni əldə etdi.

Şirkətimizin Marketinq departamentinin direktoru Babək Musayev xalqımızın çoxəsrlik tarixində Qarabağ zəfərinin ayrıca yer tutduğunu bildirib. Onun sözlərinə görə, bu qələbə dövlətimizin, xalqımızın gücünü döyüş meydanında bir daha göstərdi. 44 günlük savaş xalq-dövlət birliyinin sarsılmazlığını sübut etdi, Azərbaycanın siyasi nüfuzunu dünya miqyasında yüksəltdi. Bunun üçün biz əziz şəhidlərimizə, qəhrəman qazilərimizə minnətdarıq.

Marketinq departamentinin əməkdaşı, qazi Qədir Həmidov İkinci Qarabağ savaşında keçdiyi döyüş yolundan danışıb. O, bu savaşda iştirakından fəxr duyduğunu bildirib. Qazi qeyd edib ki, müharibədə keçən hər gün, an sonuncu ola bilir. Bu, döyüşçüdə bədbinlik yaratmır, əksinə onu düşmənlə savaşa daha da ruhlandırır. O, topçu kimi döyüş yoldaşlarıyla düşmənin çoxlu atəş nöqtələrini susdurduğunu dilə gətirib.

Ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov “Aqro-Vest DC” MMC şəhid ailəsi üzvlərinin hər zaman şirkətimizin diqqət mərkəzində olduğunu, xüsusi günlərdə onların ziyarət edildiyini qeyd edib. Bununla yanaşı, hazırda şirkətimizdə 40-dan çox qazinin çalışdığını diqqətə çatdırıb.

Sonda tədbir iştirakçıları Zəfər Gününə həsr edilmiş “Azərbaycanın yeni şəxsiyyət vəsiqələri” adlı qısa sənədli filmi izləyiblər.

Zəfər Gününüz mübarək, əziz xalqımız!