Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Mayın 27-də “Aqro-Vest DC” MMC-də 28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Toplantını şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq bu günün xalqımızın dövlətçilik tarixində mühüm yer tutduğunu diqqətə çatdırıb.

Bildirilib ki, 1918-ci ildə babalarımız Şərqdə və türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasını (ADR) qurdular. Gerçək şərtlər bu dövlətin yaranması üçün əlverişli deyildi.

ADR-in yarandığı dövrdə ölkənin yarısı Bakı Xalq Komissarları Sovetinin əlində idi. Belə bir zamanda 1918-ci il mayın 28-də ölkədən qıraqda – Tiflisdə ADR-in yaradıldığı elan edildi və M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi.

İyunun 16-da ADR Gəncəyə köçdü və bura bir müddət paytaxt oldu. İşğaldan azad edildikdən sonra paytaxt Bakıya köçdü.

Xalq Cümhuriyyəti az müddət ərzində bir sıra mühüm işlərə imza atdı. Gənclər xaricə təhsil almağa göndərildi.

Parlament bir sıra qanunlar qəbul etdi. Müxtəlif ölkələrlə ikitərəfli siyasi əlaqələr quruldu.

Məhdud imkanlar içərisində özünü ayaqda saxlamağa çalışan Azərbaycan həm daxildən, həm də xaricdən basqılarla üzləşirdi.

1920-ci il aprelin 27-də Rusiya qoşunları sərhədlərimizi keçərək Azərbaycana daxil oldu, ADR-ə hakimiyyəti təslim etmək barədə ültumatum verdi.

Tədbir iştirakçıları sonda ADR-in fəaliyyətindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmini izləyiblər.  Filmdə cümhuriyyət qurucuları olan Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında fədakarlıq göstərərək böyük çətinliklə müstəqilliyimizin tanınmasına nail olmasından bəhs edilir.

Şərh bildir