1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Ağsu, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi qaynaqlara əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetiriliib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulub.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan olunub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.