Noyabrın 8-də Xankəndi şəhərində Zəfər Günün münasibətilə hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
Hərbi parad maraqlı məqamlarla yadda qalıb. Tədbirdə düşmənin hərbi texnikalarının üzərindən götürülən nömrələrdən hazırlanmış lövhə ayrıca diqqət çəkib.
Qeyd edək ki, Xankəndidə ilk dəfə düz 104 il öncə – 1919-cu il iyulun 29-da parad keçirilib. O dönəmin “Azərbaycan” qəzeti bu haqda belə yazır:
“Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını − Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi baş nazir N.Yusifbəylini və hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu”.