Dekabrın 12-də “Agro-Vest DC” MMC-nin iclas zalında Ümummilli lider, böyük dövlət və siyasət adamı Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirin başlanğıcında iştirakçılar Ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantını giriş sözüylə açan şirkətimizin Marketinq Departamentinin direktoru B.Musayev Ulu öndər H.Əliyevin xalqımızın həyatında müstəsna xidmətləri olduğunu vurğulayıb. O, böyük siyasətçini vəfat günündə anmağın mənəvi borc olduğunu söyləyib.
Şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev Ulu öndər H.Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti haqqında bilgi verib.
Bildirilib ki, H.Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqı ilə bağlı olub, o, ömrü boyu Vətəninin çiçəklənməsi, inkişafı və dünyada tanıdılması üçün çalışıb, həyatını böyük ideallara həsr edib.
Özəlliklə onun ikinci dəfə hakimiyyətə gəlişi ölkəmizin müstəqilliyinin çox çətin ilk onilini əhatə edib. Bu dövrdə yenicə müstəqillik qazanmış Azərbaycan bir yandan daxili çəkişmələr, vətəndaş qarşıdurması, özbaşınalıqdan, digər yandan Ermənistanın təcavüzündən əziyyət çəkirdi.
Xalqı, ölkəni bu durumdan qurtarmaq üçün H.Əliyev bütün çətinliklərə sinə gərərək meydana atıldı. 10 illik prezidentliyi dövründə ölkədə ictimai-siyasi sabitlik yaratdı, böyük iqtisadi islahatların təməlini qoydu. İndi Azərbaycan Prezident İ.Əliyevin rəhbərliyi altında həmin təməl üzərində uğurla inkişaf etməkdədir.
Daha sonra iştirakçılar H.Əliyev haqqında sənədli film izləyiblər.