Fevralın 26-da “Aqro-Vest DC” MMC-də Xocalı faciəsinin 33-cü ildönmü ilə əlaqədar tədbir keçirilib.
Toplantının başlanğıcında iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözüylə açan şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev bildirib ki, Xocalı faciəsi XX yüzildə azərbaycanlıların başına gətirilən ən dəhşətli insanlıq soyqırımıdır.
O qeyd edib ki, ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın iradəsini qırmağa çalışdılar. Xocalı o vaxtkı Dağlıq Qarabağda ilk zəbt olunan ərazilərimizdən oldu. Onun ardınca neçə-neçə rayonumuz işğal olundu və 30 il düşmən tapdağında qaldı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Rusiyanın 366-cı alayının yardımıyla bir neçə saat raketlərdən atəşə tutuldu. Əhali şəhəri tərk edib Ağdama tərəf qaçarkən meşədə qətlə yetirildilər, insanlığa sığmayan yırtıcılığa məruz qaldılar.
Nəticədə 613 nəfər Xocalı sakini şəhid oldu, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü.
Tədbirdə bildirilib ki, 2020-ci ildə 44 gün çəkən Vətən müharibəsində ordumuz 30 il işğalda qalan torpaqlarımızı azad etdi. Bunun nəticəsində Xocalıya yenidən həyat qayıtdı. İndi sakinlər dədə-baba yurdlarına – Xocalı şəhəri və rayonun bir neçə kəndinə qayıdaraq yaşamağa başlayıblar.
Sonda iştirakçılar Xocalıda əsir düşən Dürdanə Ağayevanın həyatından bəhs edən sənədli filmi izlədilər.