Qurban bayramınız mübarək!

Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Qeyd edək ki, qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir sıra xalqlarında qeyd edilib. Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olub.

Həzrəti Məhəmmədin İslam dini Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı qadağan etdi. Ona görə də islam dini Allahın adı ilə buyurdu ki, insan yerinə müəyyən heyvanlar qurban kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi qurban kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onu ildə bir dəfə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirdilər.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, ənənələrinə, milli, dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı ölkəmizdə iki gün qeyd olunur.

 “Aqro-Vest DC” MMC xalqımızı bu müqəddəs bayram münasibətilə təbrik edir, kəsilən qurbanların, edilən duaların qəbul olunmasını diləyir. Allah kəsdiyiniz qurbanları qəbul etsin! Bayramınız mübarək olsun!

Qeyd edək ki, şirkətimiz hər il olduğu kimi, builki Qurban bayramında da əməkdaşlarına qurban payı verib.

Şərh bildir