26.06.2023
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur.
1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.
Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır.
Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti milli ordunu ləğv etdi.
Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri sonrakı dövrdə də inkişaf etdirildi. Ümummilli lider Heydər Əliyev 1971-ci il iyunun 20-də Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. Bu yandan da Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olundu...
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan ordusunun Prezident İlham Əliyevin komandanlığı ilə qazandığı qələbə dünya hərb tarixində mühüm izlər qoydu. Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi və bizi qalib xalqa çevirdi.
Günün mübarək, Azərbaycan əsgəri və ordusu!
Xəbərlər