28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

26.05.2023

28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib


Mayın 26-da “Aqro-Vest DC” MMC-nin akt zalında 28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Toplantı iştirakçıları öncə Azərbayacan Xalq Cümhuriyyətinin (AXC) fədakar qurucularını bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözüylə açan şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev bildirib ki, xalqımız fədakar babalarımızın 28 May 1918-ci ildə qurub bizə miras qoyduğu AXC-nin 105 illiyini fəxr və qürurla qeyd edir.

Babalarımız tarixi şəraiti düzgün dəyərləndirərək özlərində xalqımızı Rusiya İmperiyasının əsarətindən qurtarmaq gücü tapdılar və bugünkü müstəqil dövlətimizin sələfi olan AXC-ni yaratdılar.

Çox çətin siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərən bu dövlət sonradan xain təcavüz nəticəsində Rusiya İmperiyasının qanlı caynağına keçdi. 70 illik əsarətdən sonra 1991-ci ildə Azərbaycan AXC-nin varisi kimi yenidən öz müstəqilliyini bərpa etdi.  

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondu, bp və Bakı Media Mərkəzinin sponsorluğuyla çəkilən, AXC-nin fəaliyyətindən, özəlliklə onun çöküşündən bəhs edən “Son iclas” sənədli-bədii filmini izlədilər.

Bir neçə il öncə çəkilən bu film zəngin tarixi faktları, bədiiləşdirilmiş səhnələri, güclü rejissor, aktyor işi və texniki üstünlüyü ilə diqqəti çəkir.

Filmdə əsas yer cümhuriyyətin fəaliyyətinin son aylarına verilir.

Yüz il öncə Qarabağda ermənilərin millətimizə qarşı törətdiyi terrorun, qanlı savaşların baş verdiyi bir vaxtda AXC-nin başqa bir problemi də vardı. Bu, ölkədə və parlamentdə Rusiya tərəfdarlarının çoxalması idi.

Cümhuriyyət parlamentində bolşeviklər də təmsil olunurdular və onlar milli hökuməti Rusiyaya tabe olmağa çağırırdılar. Filmdən aydın olur ki, AXC-nin çöküşü, Rusiyanın gəlişi üçün dayanmadan fəaliyyət göstərən, əldən-ayaqdan gedən bolşeviklərin özləri də 1937-ci il repressiyasının qurbanı olurlar.

AXC qurucularına gəldikdə isə onların çoxusu həbs edildi, ayrı-ayrı yerlərdə erməni terroruna qurban getdilər, Vətəndən uzaqlarda mühacir kimi yaşamağa məcbur oldular.

“Son iclas” 105 il öncə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən gözəl filmdir. Filmin baş prodüseri Arzu Əliyeva, senari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissor Fuad Əlişovdur.

“Aqro-Vest DC” MMC rəhbərliyi xalqımızı qarşıdan gələn 28 May Müstəqillik Günü münasibətilə ilə təbrik edir, millətimizə və dövlətimizə əbədi müstəqillik arzulayır!

Xəbərlər

1 / 332
AZ EN RU