“Aqro-Vest DC” MMC-də Anım Günü tədbiri keçirildi

27.09.2023

“Aqro-Vest DC” MMC-də Anım Günü tədbiri keçirildi

Bu gün “Aqro-Vest DC” MMC-nin iclas zalında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirildi.

Toplantının başlanğıcında iştirakçılar canını Vətən torpaqları uğrunda fəda edən əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözüylə şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan İmaməliyev açaraq üç il öncə bu gündə II Qarabağ savaşının, Vətən müharibəsinin başlandığını və 44 gün davam edən bu müharibənin Azərbaycanın qələbəsilə başa çatdığını bildirdi.

O qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun cəbhə boyu mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından ardıcıl atəşə tutdu.

Bu təcavüzün qarşısını almaq məqsədilə Azərbaycan ordusunun komandanlığı qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verdi.

Toplantıda bildirildi ki, 44 gün çəkən Vətən müharibəsində 3000-ə qədər şəhid versək də, bu savaş neçə-neçə oğullarımızın igidliklərilə yadda qaldı. Bununla da biz qalib xalq, eləcə də haqlı olduğumuzu düşmənə və bütün dünyaya sübut etdik.

Daha sonra iştirakçılar Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi və “Salnaməfilm”in birgə istehsalı olan, 2021-ci ildə çəkilmiş “Şuşa, sən azadsan” sənədli filmini seyr etdilər.

Ekran əsərinin qəhrəmanları Şuşanı azad edən qəhrəman oğullarımızdır. Onların danışığı əsasında sənədli şəkildə ekranlaşdırılan bu film gərgin anları, əsgərlərimizin Şuşanı düşməndən geri almaq üçün hansı igidliklər göstərdikləri, çoxlu məhrumiyyətlərlə üzləşdikləri, son ana qədər böyük inamla döyüşmələrinin gerçək təsvirilə yadda qaldı.

Şəhidlərimizin qəhrəmanlığı, xatirəsi qarşısında baş əyirik!

Xəbərlər

1 / 338
AZ EN RU