31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

31.03.2023

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

 

1918-ci il martın 31-də ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımdan 105 il ötür. 

 "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1907-ci illərdə Azərbaycan türklərinə qarşı açıq şəkildə genişmiqyaslı qanlı qırğınlar həyata keçirdilər.

Daha sonra Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında gerçəkləşdirməyə nail oldular.

1918-ci ilin mart ayından əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən Bakını türklərdən təmizləmək məqsədi güdən soyqırım planı həyata keçirilməyə başlandı.

Həmin günlərdə minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə öldürüldü. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

 Azərbaycan türklərinin soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Güney Azərbaycan şəhərlərində də xüsusi qəddarlıqla həyata keçirildi.

Quba rayonunda 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi soyqırımın əyani sübutudur.

 Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də bu faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.

Komissiya sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

1919 və 1920-ci illərdə bu soyqırımın baş verdiyi gün – martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi.

AXC-nin süqutu bu soyqırımın günahkarlarının sonadək cəzalandırılması işini yarımçıq qoydu.

Sovetlərin gəlişi və sonrakı hadisələr hər birimizə aydındır.

Soyqırım qurbanlarının xatirəsini sayğıyla anır, Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirik!

Xəbərlər

1 / 322
AZ EN RU